İtaliya A seriyasının 32-ci turunda “İnter” doğma arenada “Latsio”nu qəbul edib. Hesabı yarımsaatın tamamında qonaqlar açıblar. Felipe Anderson qapını dəqiq nişan alıb. İlk hissə “Latsio”nun minimal hesablı üstünlüyü ilə bitsə də, fasilədən sonra meydan sahibləri 3 qol vuraraq inamlı qələbə qazanıblar. 78-ci dəqiqədə Lautaro Martinez tarazlığı bərpa edib. 5 dəqiqədən sonra Robin Qosens “İnter”i  hesabda önə keçirib. Dubl edən Lautaro Martinez isə qarşılaşmada son nöqtəni qoyub - 3:1.

Ən yaxın rəqibi “Latsio”nun məğlubiyyətindən “Napoli” yararlana bilməyib. Belə ki, Neapol klubu doğma arenada “Salernitana”ya qalib gəlsəydi çempionluğunu rəsmiləşdirəcəkdi. Amma görüş 1:1 hesabı ilə başa çatıb. Matias Olivera yerli azarkeşləri sevindirsə də, Bulaye Dia qonaqları məğlubiyyətdən xilas edib. Qeyd edək ki, sona 6 tur qalmış “Napoli” ən yaxın izləyicisi “Latsio”nu 18 xal qabaqlayır.